KAFEDRA / Ümumi məlumat

AZƏRBAYCAN TİBB UNİVERSİTETİNİN ONKOLOGİYA KAFEDRASI

Azərbaycan Tibb Universitetinin onkologiya kafedrası 1974-cü ildə təşkil edilmiş, klinik bazası 1974-1979-cu illərdə Respublika Onkoloci Dispanseri, 1979-2007-ci illərdə A.T. Abbasov adına Bakı şəhəri Onkoloci Dispanseri olmuşdur. Kafedranın ilk müdiri t.e.d., professor M.C. Abdullayev olmuşdur. O, 1924-cü ildə Qərbi Azərbaycanın İrəvan şəhərində anadan olmuşdur. 1948-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə–profilaktika fakultəsini bitirmişdir. 1948-1972-ci illərdə Azərbaycan Elmi–Tədqiqat Rentgenologiya, Radiologiya və Onkologiya İnstitutunda əvvəlcə cərrahiyyə şöbəsində həkim-ordinator, sonra isə Eksperimental Onkologiya şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1955-ci ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1969-cu ildə ona professor elmi dərəcəsi verilmişdir. 1972-1974-cü illərdə Naxçıvan MSSR-in Səhiyyə Naziri vəzifəsində işləmişdir. M.C. Abdullayev 1974-cü ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təşkil edilmiş Onkologiya kafedrasına müdir təyin edilmişdir. O, bu vəzifədə 1990-cı ilə qədər işləmiş, 1991-1994-cü illərdə kafedranın professoru, 1994-cü ildən ömrünün sonuna qədər (1998) isə məsləhətçi-professoru vəzifələrində işləmişdir. 120-dən çox elmi işin müəllifi olmuşdur. Onun rəhbərliyi altında 1 doktorluq və 4 namizədlik dissertasiyası müdafiə edilmişdir.

1990-1992-ci illərdə kafedraya prof. İ.N. Ağayev rəhbərlik etmişdir.

1993-cü ildən etibarən Onkologiya kafedrasına əməkdar elm xadimi, akademik Ə.T. Əmiraslanov rəhbərlik edir.

Akademik Ə.T. Əmiraslanov 1947-ci ildə Qərbi Azərbaycanın Göyçə Mahalının Zod kəndində anadan olmuşdur. 1965-ci ildə orta məktəbi qızıl medalla, 1971-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1974-cü ilin oktyabr ayında Moskva şəhərində SSRİ TEA ÜOEM-də aspiranturaya daxil olmuş və burada 1992-ci ilə qədər aspirantlıqdan professor vəzifəsinə qədər şərəfli yol keçmişdir. 1977-ci ildə «Aşağı ətrafların bədxassəli şişlərinə görə operasiya edilmiş xəstələrin reabilitasiyası» mövzusunda vaxtından əvvəl namizədlik, 1984-cü ildə «Osteogen sarkomalı xəstələrin kompleks müalicə üsulları» mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Onun «Sümük sarkomaları» monoqrafiyası 1985-ci ildə SSRİ TEA-nın beş ildən bir tibb sahəsində ən görkəmli xidmətləri olanlara təqdim olunan məşhur N.N.Petrov adına mükafatına layiq görülmüşdür. 1986-cı ildə «Onkoloci xəstələrdə bərpa müalicəsi metodlarının işlənib hazırlanması və klinik praktikaya tətbiqi» mövzusunda keçmiş SSRİ-nin ən mötəbər mükafatlarından sayılan elm və texnika sahəsində SSRİ Dövlət Mükafatına layiq görülmüşdür. Əməkdar elm xadimi, professordur. 1992-ci ildən Azərbaycan Tibb Universitetinin rektoru, 1993-cü ildən həm də onkologiya kafedrasının müdiridir. 400-dən artıq elmi əsərin, o cümlədən 17 monoqrafiya, 28 dərslik, dərs vəsaitləri və metodik ədəbiyyatın, 16 ixtira və səmərələşdirici təklifin müəllifidir.

Alimin dayaq-hərəkət aparatının və süd vəzisinin bədxassəli şişlərinə, onların müalicə metodlarının işlənib hazırlanmasına və təkmilləşdirilməsinə həsr etdiyi elmi-tədqiqat işləri ona dünya şöhrəti qazandırmışdır. Akademik Ə.T. Əmiraslanov Azərbaycana qayıdıb onkologiya kafedrasına rəhbərlik etdikdən sonra qısa müddətdə kafedranın işi yenidən qurulmuş, gənc və perspektivli kadrlar tədris, elmi və praktik işlərə cəlb edilmişdir. Akademikin rəhbərlik etdiyi klinikada texniki cəhətdən mürəkkəb olan bir sıra operasiyalar müvəffəqiyyətlə yerinə yetirilir. Bura bud, qamış və bazu sümüklərinin bədxassəli şişlərində aparılan diz, bud-çanaq və bazu oynaqlarının rezeksiyası və endoprotezləşdirilməsi, qalça-qarınarası ayırma, kürək-döşarası amputasiya kimi operasiyaları misal göstərmək olar.

Kafedrada Azərbaycanda bədxassəli şişlərin epidemiologiyasına, bədxassəli sümük şişlərinin, süd vəzisinin, qadın cinsiyyət üzvlərinin bədxassəli şişlərinin, yumşaq toxuma sarkomalarının, baş və boyun şişlərinin, qarın boşluğu orqanlarının bədxassəli şişlərinin müayinə və müalicəsinə həsr edilmiş elmi-tədqiqat işləri aparılır. Akademik Ə.T. Əmiraslanovun rəhbərliyi altında aparılan daha bir mühüm və perspektivli elmi istiqamət – cinsi steroid hormonların bədxassəli sümük şişləri olan xəstələrin hədəf-toxumalarına təsir mexanizminin, şişlərin böyüməsi və inkişafında, proliferasiyasında və metastazverməsində onların rolunun öyrənilməsinə həsr edilmişdir.

Akademik Ə.T. Əmiraslanov dəfələrlə Onkoloqların keçmiş ittifaq respublikalarında və ABŞ, Fransa, Yaponiya, Almaniya, Türkiyə, Polşa, İsveç, İran, Sinqapur, Bolqarıstan, Macarıstan, Avstriya, Yunanıstan, Çexiya, İsrail, İtaliya, Pakistan, Kanada və digər ölkələrdə keçirilən qurultay, simpozium və konfranslarında elmi məruzələrlə çıxışlar etmişdir. 70-dən artıq elmi əsəri adları çəkilən xarici ölkələrdə dərc edilmişdir. Ümumdünya Onkoloqlar və Ortoped-Travmatoloqlar Assosiasiyasının, Avropa Bərpa Cərrahlığı Assosiasiyasının, Avropa Dayaq-Hərəkət Aparatı Onkologiya Cəmiyyətinin, Yunanıstan Onkoloqlar və Ortoped-Travmatoloqlar, Macarıstan, Çexiya Onkoloqlar Cəmiyyətlərinin üzvü, Amerika Klinik Onkologiya Cəmiyyətinin aktiv üzvü, Rusiya Federasiyası Təbiət Elmləri Akademiyasının, Polşa Tibb Elmləri Akademiyasının həqiqi üzvüdür. 1997-ci ildə adı bioqrafik məlumatla birlikdə Kembricdə çapdan çıxan «XX əsrin 2000 görkəmli şəxsiyyəti» toplusunun əsas hissəsinə və «XX əsrin 500 görkəmli elm xadimi» toplusuna daxil edilmiş, Amerika Bioqrafiya İnstitutunun «Qızıl Heykəl» mükafatına layiq görülmüşdür. 1997-ci ilin yekununa görə «Avrasiya» qəzetinin keçirdiyi sorğuya əsasən «İlin elm adamı» adlandırılmışdır. Ə.T. Əmiraslanov 1998-ci ilin mart ayında Nyu-York Elmlər Akademiyasının, həmin ilin iyun ayında Rusiya Federasiyası Təbiət Elmləri Akademiyasının və avqust ayında Polşa Tibb Elmləri Akademiyasının həqiqi üzvü seçilmiş, sonuncu akademiyanın Albert-Şvaytser adına böyük qızıl medalına layiq görülmüşdür. O, 2000-ci ilin iyun ayında müstəqil ölkəmizin ən yüksək təltiflərindən olan «Şöhrət» ordeninə layiq görülmüş, 2001-ci ilin fevral ayında Rusiya Federasiyası Tibb Elmləri Akademiyasının, həmin ilin iyun ayında isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü və MEA-nın Biologiya Elmləri Bölməsinin akademik-katibinin müavini, 2007-ci ildə isə akademik-katibi seçilmişdir.

Akademik Ə.T. Əmiraslanovun rəhbərliyi altında 30-dan artıq namizədlik və 10 doktorluq dissertasiyası müdafiə edilmişdir.

Akademik Ə.T. Əmiraslanov dayaq-hərəkət aparatı şişləri üzrə dünya miqyasında yüksək ixtisaslı mütəxəssis kimi tanınır və Azərbaycanda dayaq-hərəkət aparatı onkologiyasının əsasını qoymuşdur. İri oynaqların rezeksiyası ilə aparılan endoprotezləşdirilməsi və rotasion plastika, qalça-qarınarası ayırma kimi texniki cəhətdən son dərəcə mürəkkəb operasiyaları yüksək professionallıqla yerinə yetirir. Rotasion plastika operasiyasını keçmiş SSRİ-də ilk dəfə məhz akademik Ə.T.Əmiraslanov yerinə yetirmişdir. Elmi-tədqiqat işlərinin əsas mövzuları aşağıdakılardır:

- Dayaq-hərəkət aparatının bədxassəli şişlərinə görə operasiya edilmiş xəstələrin bərpa müalicəsi (reabilitasiyası);

- Sümük sarkomalarının yeni müalicə üsullarının işlənib hazırlanması;

- Bədxassəli sümük şişlərinin proqnozu;

- Sümüklərin və qadın cinsiyyət orqanlarının bədxassəli şişləri zamanı hormonal-metabolik pozğunluqlar;

- Yumşaq toxuma sarkomalarının və süd vəzisi xərçənginin erkən diaqnostikası və müasir kombinəolunmuş və kompleks müalicə metodlarının işlənib hazırlanması;

- Azərbaycanda müxtəlif lokalizasiyalı bədxassəli şişlərin epidemiologiyası;

- Bədxassəli şişlərin erkən diaqnostikasında və proqnozunda parakrin və immunohumoral faktorların klinik əhəmiyyəti.

1974-1992-ci illərdə onkologiya kafedrasının əməkdaşları tərəfindən 73 elmi iş, o cümlədən 3 tədris-metodik vəsait və 1 metodik tövsiyyə dərc edilmiş, kafedranın əməkdaşlarından 1 nəfər doktorluq, 3 nəfər isə namizədlik dissertasiyası müdafiə etmişdir.

Akademik Ə.T. Əmiraslanovun Onkologiya kafedrasına rəhbərlik etdiyi 1993-cü ildən hazırki vaxta qədər isə kafedra əməkdaşları tərəfindən 602 elmi iş, o cümlədən, 11 monoqrafiya, 2 dərslik, 3 dərs vəsaiti, 17 tədris-metodik vəsait, 4 metodik tövsiyyələr çap edilmiş, 3 səmərələşdirici təklifə vəsiqə alınmış, 6 doktorluq və 22 namizədlik dissertasiyası müdafiə edilmişdir. Hazırda kafedrada 1 doktorluq və 8 namizədlik dissertasiyası üzərində iş gedir.

2007-ci ildə Azərbaycan Tibb Universitetinin Onkoloci Klinikası yaradılmış və Onkologiya kafedrası həmin klinikaya köçürülmüşdür. Klinika müasir zəruri tibbi avadanlıqlarla təchiz edilmişdir və burada onkoloci xəstələrin müasir müayinəsi və müalicəsi üçün zəruri şərait vardır ki, bu da tələbələrə onkologiya fənninin tədrisinin daha da yaxşılaşdırılmasına imkan vermişdir. Hazırda kafedrada 1 akademik, 2 t.e.d., professor, 1 t.e.d., dosent, 6 t.e.n., dosent, 11 t.e.n., assistent və tədris-köməkçi heyət çalışır, aspirant və klinik ordinatorlar təhsil alır.