Onkoloji məsləhətlər
Süd vəzi xərçənginin artmasının səbəbləri - Nə üçün qorxuludur?
13.09.2023
Süd vəzi üzrə onkoplastik və rekonstruktiv cərrah, tibb üzrə fəlsəfə doktoru Günay Əhmədova süd vəzi xəstəlikəri, onların yaranma səbəbləri və qarşısının alınması üçün görülən tədbirlərlə bağlı sualları cavablandırıb.
"Qafqazinfo" həmin müsahibəni təqdim edir:
-Süd vəzi xərçəngi niyə bu qədər artır və nə üçün qorxuludur?
-Süd vəzi xərçəngi ilə xəstələnmə hallarının çoxalmasının səbəbi qadınların reproduktiv həyatlarının normal olmaması, gec ailə qurmaları, abort saylarının çox olması, ginekoloji və endokrinoloji xəstəliklər, düzgün qidalanmamaq, ətraf mühit amilləri, havada radiasiyanın və çirklənmənin çox olması, yağlı, duzlu qidalardan çox istifadə, piylənmə və sairdir.
-Xəstəliyin gəncləşməsinin səbəbləri nələrdir?
-Xəstəliyin gəncələşməsinin səbəblərini də yuxarıda sadalanan amillərlə əlaqələndirə bilərik. Düzgün qidalanmamaq, ekologiyanın pozulması, fiziki yükün az olması, yanaşı xəstəliklər, şəkərli diabet, əsəb, gərginlik, stres və s. xəstəliyin gəncləşməsinə səbəb olur.
-Xanımların həkimə gec müraciət etməsinin səbəbi döşlərini itirmək qorxusu ola bilərmi?
-Bəli, ola bilər. Amma məhz gec həkimə müraciət etmək də SVX-ni itirməklə nəticələnir. Təəssüf ki çoxlarının beynində belə bir tendensiya formalaşıb ki, qadındının süd vəzisində hər hansı bir törəmə varsa, süd vəzisini itirəcək bu da xanımı qadın kimi ailədən, cəmiyyətdən uzaqlaşdıracaq.
-Müasir cəmiyyətdə süd vəzi xərçəngi olan qadının süd vəzilərini qorumaq mümkün olurmu və bu nə qədər təhlükəsizdir?
-Müasir dövürdə SVX olan qadınların süd vəzilərini, əlbəttə ki, qorumaq mümkündür. Statistikaya görə dünyada total mastektomiya əməliyyatlarının sayı kəskin şəkildə azalmışdır. Əgər süd vəzini götürməyə məcbur olsaq belə, süd vəzi hər hansı bir üsülla rekonstruksiya olunur.
Bunun mümkün fəsadları öncədən araşdırılır. Əgər süd vəzini qorumaq xanımın gələcək həyatı üçün təhlükəlidirsə, bu halda süd vəzi qorunumur, lakin alternativ variantlarla süd vəzi bərpa olunur.
-Süd vəzi xərçəngində qadınlarımızın həm sağlamlığını, həm də gözəlliyini qorumaq mümkündürmü?
-SVX-də qadınlar həm sağlamlığını, həm də gözəlliyini qoruya bilər. Bu Referans Estetik Mərkəzinin də sloqanıdır. Vaxtında və doğru mütəxəssisə müraciət etdikdə, aparılmış klinik, instrumental, patomorfoloji və immunohistokimyəvi müainələrin rəyinə əsasən doğru müalicə aparılsa xanım sağlamlığını tam olaraq qoruyacaq. Paralel olaraq müalicə planına orqan saxlayıcı əməliyyat da daxil olsa o zaman xəstə həm də öz gözəlliyini qoruyur.
Bəs əgər xəstəliklə əlaqədar olaraq süd vəzisini götürmək məcburiyyətindəyiksə və yaxud illər əvvəl süd vəzisi tam götürülbsə xanım nə etməlidir?
Qeyd olunduğu kimi xanımın süd vəzisi götürülübsə və yaxud illər əvvəl götürülübsə həm autoloq, həm də analoq vasitələrlə, yəni bədənin öz toxumaları ilə və yaxud implantlarla yenidən süd vəzilərini bərpa etmək tam mümkündür.
-Yeri gəlmişkən, soruşmaq istəyirəm süd vəzinin estetik cərrahiyyəsi və ya implant süd vəzi xərçəngi yarada bilərmi?
- Süd vəzinin estetik cərrahiyyəsi zamanı implant əsla SVX yaratmır. Artıq bütün dünyada, eləcə də Referans Estetik Mərkəzində demək olar ki, həm esterik nöqteyi-nəzərdən, həm də onkoplastik əməliyyatlarda implantlardan və başqa vasitələrdən geniş olunur. Əlbəttə ki, bunlar xərçəng yaratsaydı, biz həkimlər xanımlara bu ziyanı verməzdik.
-Bəs süd vəzinə süni gellərin vurulması necə, təhlükəlidirmi?
-Bəli, süd vəzilərinə gellərinin vurulmasının tam əleyhinəyəm. Heç bir tibbi lisenziyası olmayan kosmetik mərkəzlərdə qadınların süd vəzilərinə vazelin və s. vurulur. Sonra yaranan fəsadlarla biz çox üzləşirik. Xanımların süd vəzilərində həddindən artıq sərt törəmələr formalaşır. Məcbur oluruq ki, cərrahi yolla bu törəmələri götürək.
-Estetik əməliyyatlardan sonra süd vəzisində onkoloji proseslərin yaranmaması üçün nə etmək lazımdır?
-Biz Referans Estetik Mərkəzi olaraq estetik əmliyyatlardan öncə, təbii ki, xanımın süd vəziləri tam yoxlayırıq. Xəstə USM və yaş gərəyi mammoqrafiya olunur. Biz hər hansı bir əməliyyatı icra etdikdə (istər məmə kiçiltmə, böyütmə, eyniləşdirmə) müayinə etmədən əməliyyata almırıq. Sonra da xanım “estetik əməliyyat etmişəm” deyib keçməməlidir. İldə bir dəfə rutin süd vəzi kontrollarından keçməlidir.
-Sloqanınızla - "HEÇ BİR XANIM SÜD VƏZİSİNİ İTİRMƏSİN!" fəaliyyət istiqamətiniz bir-birini nə qədər tamamlayır?
-Bəli, sloqanmız "HEÇ BİR XANIM SÜD VƏZİSİNİ İTİRMƏSİN!"dir. Bizim son 2-3 ildə apardığımız əməliyyatların statistikasına baxsanız görərsiniz ki, 100/80 halda biz süd vəzilərini qorumuşuq. Bunun üçün dünyanın aparıcı ölkələri ilə daima əlaqədəyik. Konfranslarda iştirak edir, cərrahi əməliyyatlara qatılırıq. Son illərdə kofranslara tək dinləyici kimi yox, həm də spiker və moderator qatılırıq. Oktyabr ayında Rusiya Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək Süd vəzinin onkoplastikası üzrə beynəlxalq konfransa spiker və moderator olaraq dəvət almışıq. Həmçinin okyabrın sonunda Azərbaycanda süd vəzi üzrə keçiriləcək ikinci beynəlxalq elmi konfransa spikerik. İnanıram ki, önümüzdəki vaxtlarda süd vəzinin onkoplastikası və rekonstruksiyası üzrə daha böyük uğurlara imza atacağıq.
