Onkoloji məsləhətlər
SÜD VƏZİLƏRİNİN ONKOPLASTIK CƏRRAHİYYƏSİ
29.08.2021
Süd vəziləri qadına xas olan görkəmin və özünə inamın vacib ünsürlərindəndir. Onların bir sıra səbəblərə görə çıxarılması xanımların psixologiyasına ciddi təsir göstərir.
Süd vəziləri qadına xas olan görkəmin və özünə inamın vacib ünsürlərindəndir. Onların bir sıra səbəblərə görə çıxarılması xanımların psixologiyasına ciddi təsir göstərir. Sosial eləcə də ailə həyatında müəyyən problemlər yaradır. Onkoloji və ya başqa bir xəstəlik səbəbindən çıxarılan süd vəzilərinin bərpası müasir tibbin mühüm problemlərindən biridir.Cərrahlar ən yüksək texnologiyalardan istifadə etməklə götürülmüş süd vəzisinin yerində maksimal təbii görünüşə malik olan süd vəzi yarada bilər. Beləliklə, xəstə əməliyyatdan çıxdıqdan sonra yeni bir süd vəziyə sahib olmaqla sonradan meydana gələ biləcək psixoloji problemlərdən qurtulmuş olur.
Lakin onu da bilmək vacibdir ki, mastektomiyadan sonra aparılan rekonstruksiyalar sadə əməliyyatlar deyil.Siz və həkiminiz tərəfindən qərar verəbiləcəyiniz bir çox seçim var. Aşağıda sizə əməliyyatların növləri və mümkün nəticələri haqqında məlumat verəcəm. Təbii ki, bütün sualları cavablamaq mümkün deyil. Bilavasitə cərrahınız ilə birəbir danışmağınız və yaxşı məlumatlanmağınız lazımdır.
Süd vəzi rekonstruksiyası kimlərə aparılır
Demək olar ki, mastektomiya olunan bütün xəstələrə rekonstruksiya üçün heç bir tibbi əks göstəriş yoxdur. Əksər xəstələrə mastektomiya ilə eyni vaxtda rekonstruksiya aparıla bilər. Lakin, bəzi xəstələr əlavə cərrahi müdaxilə istəmir bir qismi isə onkoloji diaqnozu qəbul eləməkdə çətinlik çəkir və rekonstruksiya növləri haqqında düşünmürlər. Rekonstruktiv əməliyyatlar həm eyni vaxtda, həm də bir müddətdən sonra icra edilə bilər.
Bütün cərrahi müdaxilələr müəyyən qədər risk daşıyır
Hər bir cərrahi əməliyyatda olduğu kimi , bu əməliyyatdan sonra da bəzi problemlər meydana gələ bilər:
Qanaxma, maye toplanma və ya anestezioloji problemlər bəzi zərərli vərdişlər (siqaretçəkmə, alkoqol), şəkərli diabet,trombozlar və s. xəstəliklər yaraların sağalmasını gecikdirir. Əgər protezdən istifadə olunarsa nadir hallarda infeksion ağırlaşma meydana gələ bilər. Bu hallarda protezi çıxarıb aylar sonra təkrar qoymaq lazım gələ bilər.
Ümumiyyətlə, göstərişlər və əksgöstərişlər haqqında həkiminizlə ətraflı danışmalısınız.
Cərrahi əməliyyatın planlanması
Əməliyyat haqqında qərar qəbul etdikdən sonra rekonstruksiya barəsində həkiminizlə məsləhətləşə bilərsiniz. Cərrahınız sizə yaşınız, bədən quruluşunuz və istəklərinizi nəzərə alınmaqla ən yaxşı seçimləri tövsiyyə eləyəcəkdir.Mastektomiyadan sonra rekonstruktiv əməliyyat sizin görünüşünüzü düzəldir və özünüzə olan inamı geri gətirir.
Rekonstruksiya üçün istifadə olunan protez formalarının xaricində silikon təbəqəsi vardır, içində isə silikon gel və ya salin adı verilən duzlu su qarışığı vardır. Amerika Birləşmiş Ştatlarının Qida və Dərman təhlükəsizliyi agentliyi (FDA) bu protezlərin istifadəsinə 2006-cı ildən icazə vermişdir. Belə ki, bu protezlərin orqanizm üçün heç bir təhlükə törətmədiyi aparılan çoxsaylı tədqiqat işlərində öz əksini tapmışdır.
Cərrahiyyə
Ən çox istifadə olunan metod dərinin genişləndirilməsi və sonra protezin qoyulmasıdır. Mastektomiyadan sonra dəri ilə döş qəfəsinin arasına toxuma genişləndirici qoyulur. Dərinin altına port qoyulur və buradan əməliyyatdan sonra bir neçə ay cərrahınız duzlu su inyeksiya edərək toxuma genişləndiricini (expander) böyüdür. Dəri lazım olduğu qədər genişləndikdən sonra, ikinci bir əməliyyatla toxuma genişləndirici çıxardılaraq daimi protez yerləşdirilir. Areola (gilə ətrafında olan tünd rəngli sahə) və gilə isə daha sonra yenidən formalaşdırılır. Bəzi xəstələrdə isə protezləşmə mastektomiyadan dərhal sonra aparılır.
Xəstənin öz toxumalarında istifadə edilməklə süd vəzisinin formalaşdırılması (Flep rekonstruksiyası)
Süd vəzisinin yenidən formalaşdırılması üçün insanın kürək, qarın və qalça nahiyyəsinin toxumalarından da istifadə eləmək olar. Buna flep rekonstruksiyası deyilir. Flep cərrahiyəsinin bir tipində, dəri, dəri altı yağ təbəqəsı və əzələ toxuması aid olduğu nahiyəyə damar dəsti ilə bağlı qalır. Dəri altından düzəldilən bir tunel köməkliyi ilə süd vəzisinin formalaşdırılacağı nahiyyəyə sürüşdürülür. Təkcə fleplə süd vəzini formalaşdırmaq mümkün olmadıqda bu toxumanın altına protez də qoymaq olur. Digər növ bir flep cərrahiyəsində isə, toxumalar aid olduğu qarın, kürək və ya qalça bölgəsindən tamamilə ayrılır və damarları digər bölgədəki damarlara tikilərək qidalanması təmin olunur (sərbəst flep ilə rekonstruksiya). Bu əməliyyat mikrodamar cərrahının köməkliyi ilə aparılır. Çünki, incə damarların birbirinə tikilməsi mikroskop altında mümkündür.
Yuxarıda qeyd elədiyim hər iki cərrahi üsul protez metodundan daha mürəkkəb əməliyatlardır. Həm toxumanın çıxarıldığı, həm də süd vəzisinin düzəldildiyi yerlərdə izlər qalacaq və sağalma mərhələsi protezləşmə metoduna nisbətən daha uzundur. Digər tərəfdən, öz toxumanızdan istifadə edilməklə icra olunan rekonstruksiyanın nəticəsi daha təbiidir.
Əməliyatdan sonra
Əməliyatdan sonra ağrı olarsa, ağrıkəsicilər qəbul edəcəksiniz, sizə antibiotiklər təyin edilir. Əməliyatınızın həcminə görə 2 ilə 5 gün arasında xəstəxanada qalırsız. Mayenin əməliyyat nahiyyəyəsinə yığılmasının qarşısını alan drenlər qoyulur və bunlar əməliyatdan 1-2 həftə sonra çıxarılır. Tikişlər isə 7 ilə 14 gün arasında çıxarılır.
Sağalma
Mastektomiya və rekonstruksiya və ya sadəcə flep rekonstruksiyası əməliyatından sonra sağalma müddəti 6 həftəyə qədər çəkir. Protezləşdirmə əməliyatında isə bu vaxt daha qısa olur. Rekonstruksiydan bir müddət sonra süd vəzisinin normal hissiyatı bərpa olunur. İzlərin çoxu müəyyən müddətdən sonra solur və daha az nəzərə çarpır.
İdman və digər hərəkətlərə nə vaxt başlayacağınızı cərrahınız sizə izah edəcəkdir. Ümumi olaraq onu demək olar ki,3-6 həftə arasında cinsi əlaqədən və ağır hərəkətlərdən uzaq durmalı, xüsusi bandaj taxmalısınız. Mastektomiya olunmuş bir çox xəstə aparılan rekonstruksiyadan sonra həyat keyfiyyətinin yaxşılaşmasını və nəticədə xəstəliyin yaratdığı psixoloji travmanın daha yüngül olduğunu deyir. Sonunda qeyd edim ki, rekonstruksiyanın aparılmasından asılı olmayaraq bütün xəstələr əsas xəstəliyə görə vaxtında onkoloji qaydalara uyğun olaraq müayinə və müalicə olunmalıdır!
Mammoloq-onkoloq İndira Səfərova