+99412 541-59-76
  • Əsas səhifə
  • Əlaqə
Main Menu
  • KLİNİKA
    • Klinika haqqında
    • Klinikanın qonaqları
    • Normativ baza
  • RƏHBƏRLİK
    • Direktor
    • Baş həkim
  • ŞÖBƏLƏR
    • I -ci şöbə
      • Torokabdominal bölmə
      • Ginekoloji bölmə
    • II -ci şöbə
      • Baş boyun
      • Dayaq hərəkət aparatın üzvlərin bölməsi
      • Süd vəzi bölməsi
    • Cərrahiyyə bloku və anestiziologiya şöbəsi
      • Ümumi məlumat
      • Həkimlər
    • Poliklinika diaqnostik şöbə
      • Ümumi məlumat
      • Gündüz stasionar bölmə
        • Ümumi məlumat
        • Həkimlər
      • Qəbul bölməsi
        • Ümumi məlumat
        • Həkimlər
      • Şüa diaqnostik bölmə
        • Ümumi məlumat
        • Həkimlər
      • Biokimyəvi laboratoriya
        • Ümumi məlumat
        • Həkimlər
      • Patomorfoloji laboratoriya
        • Ümumi məlumat
        • Həkimlər
      • Diaqnostik bölmə
        • Ümumi məlumat
        • Həkimlər
  • KAFEDRA
    • Ümumi məlumat
    • Personal
    • Elmi fəaliyyət
    • Dərs proqramı
    • Ədəbiyyat
  • MƏTBUAT XİDMƏTİ
    • Qalereya
      • Fotoqalereya
      • Videoqalereya
    • Xəbərlər
    • Elanlar
    • Onkoloji məsləhətlər
  • ELMİ FƏALİYYƏT
    • Rezidentura
    • Doktorantura
    • Elmi nəşrlər
  • ƏMƏKDAŞLIQ
    • Təcrübə mübadiləsi
    • Xarici universitetlər və klinikalar

Onkoloji məsləhətlər

Süd vəzi xərçəngi, mən səndən güclüyəm!

29.01.2018

Günay Əhmədova

onkoloq, tibb üzrə fəlsəfə doktoru

Bu yazıda SVX-nin müalicə yolları barədə danışacağıq. Əgər özünüzdə və ya doğmalarınızdan birində süd vəzi xərçəngi aşkarlanıbsa, dərhal təşvişə düşməyin. Bilin ki, hər il dünyada milyonlarla qadın bu xəstəlikdən yaxa qurtara bilir. Siz də onlardan biri ola bilərsiniz! El arasında belə bir deyim var: tez evlənənlə tez ayrılan peşman olmaz. Zərif məxluqların baş bəlasına çevrilmiş SVX-ni də erkən mərhələdə aşkarlayıb, vaxtında müalicə etdirən yaşama şansını itirmir. 

Öncə bu xəstəliyin etimologiyasına diqqət edək. Kimlər risk faktoru qarşısındadır? Praktika göstərir ki, birinci dərəcəli qohumlarda (yəni ana, qızı və bacısı) SVX-nin olması, erkən yaşda aybaşı olmaq, gec  yaşda aybaşıdan kəsilmək (gec menopoz), həddindən artıq kökəlmək, menopauzada nəzarətsiz hormon istifadə etmək kimi amillər hormonal faktorlar sayıla bilər. Ona görə də, bu qəbildən olan xanımlar öz zərif orqanlarına qarşı daha həssas olmalı, hər hansı əlamət görən kimi dərhal həkimə müraciət etməlidirlər. Diaqnoz dəqiqləşdikdən sonra xəstəni ciddi müalicə prosesi gözləyir. Təbabətin hazırkı durumuna görə, SVX-nin müalicə yolları bunlardır:


1. cərrahi əməliyyat

2. kimyəvi dərman müalicəsi

3. radioterapiya və yaxud şüa müalicəsi

4. hormonal müalicə 

5. immunoterapiya.

Qeyd edək ki, yuxarıda sadaladığımız faktorlardan heç birinin olmadığı hallarda da qadın süd vəzi xərçənginə yaxalana bilir. Ona görə də, sağlamlığa münasibətdə sayıqlığınızı heç vaxt əldən yerə qoymayın.

Bəzi xəstələrdə problem cərrahi əməliyyatdan sonra aradan qalxır. Bəzilərində isə müalicəni tamamlamaq üçün kimyəvi dərman müalicəsinə, radioterapiyaya və digər metodlara da ehtiyac olur. Bunu həkim müəyyənləşdirir. Bilin ki, yerli və ya sistem xarakteri daşıyan həmin müalicə vasitələrinin hər biri  sizin həyatınızı qorumaq üçündür. Cəsarətli olun. Əhval-ruhiyyənizi yüksək tutun və orqanizminizi bədbin duyğuların əsarətinə verməyin. SVX-yə qalib gələcəyinizə inanın və xəstəliklə mübarizədə əzmkar olun.

Yerli müalicə süd vəzindəki törəməni aradan qaldırmağa və ya kiçiltməyə yönəlir. Bu, cərrahi yolla, ya da şüa verilməsi vasitəsilə həyata keçirilir. Sistem müalicə dedikdə isə kimyəvi dərman müalicəsi, hormonal müalicə və immunoterapiya nəzərdə tutulur. Həmin müalicələr qan dövranı vasitəsilə bədənin bütün nahiyələrindəki şiş hüceyrələrini məhv edir və yaxud nəzarətdə saxlayır. Süd vəzi xərçəngindən əziyyət çəkənlərin bir qismi radioterapiyadan və yaxud cərrahi müdaxilədən öncə törəməni kiçiltmək üçün sistem müalicəsi qəbul edir. Digər qismi isə lokal (yerli) müalicədən sonra törəmə yenidən əmələ gəlməsin deyə, sistem müalicə alır. Bu metod yayılmış süd vəzi xərçənginin müalicəsində də tətbiq edilir.

SVX ona görə müasir təbabətin aktual problemi olaraq qalır ki, həm son onilliklərdə bu diaqnozla xəstələnmə halları çoxalıb, həm də aparılan müalicələr nəticəsində qadınların rastlaşdığı çətinliklər tibb elmindən öz həllini gözləyir. Əsasən mənəvi-psixoloji mahiyyət daşıyan həmin çətinliklər sırasında kimyəvi terapiyadan sonra saçın tökülməsi, xarici görünüşün və həyat tərzinin dəyişilməsi, əgər döş kəsilib götürülübsə qadında özünü qiymətləndirmə dərəcəsinin aşağı düşməsi kimi faktorları qeyd edə bilərik. Bunlar vəziyyəti daha da dramatikləşdirir. Əlbəttə, hər bir qadın gözəlliyinə gözəllik qatan döşlərinin yerində qalmasını istəyər. Amma unutmayaq ki, həyatımız görünüşümüzdən daha qiymətlidir, yaşamaq əsl hünərdir.

Yüzlərlə xəstə ilə təmasda olmuş onkoloq kimi deyə bilərəm ki,  mammoqafik skrininq sayəsində xəstəliyi erkən mərhələdə aşkarlayaraq öncə orqansaxlayıcı əməliyyatlardan, sonra isə  şüa müalicəsindən istifadə etməklə bu problemi qismən həll etmək mümkündür, yəni döşünüzü saxlamaq olar. Lakin bir sıra obyektiv və subyektiv səbəblərdən həmin prosesi aparmaq hər zaman mümkün olmadığından hələ də ölkəmizdə aparılan əsas cərrahi müdaxilə mastektomiya əməliyyatıdır.

Cərrah planlaşdırılan əməliyyatın növünü təyin edərkən xəstəliyin hansı inkişaf mərhələsində olduğunu, əsasən də birincili şişin ölçüsünü və lokalizasiyasını nəzərə alır. Törəmənin ölçüsünün süd vəzinin ölçüsünə olan nisbətinə diqqət yetirir. Bu məqamda xəstənin yaşı da mühüm rol oynayır. Yəni həm xəstəliyin proqnozu, həm də döşün saxlanılmasının xəstə üçün vacibliyi nəzərə alınır. Süd vəzinin formasına və bu orqanın saxlanılmasına təsir edən digər faktorlara diqqət yetirilir. Bütün bunları tibbi və insani baxımdan saf-çürük edəndən sonra cərrah iki yoldan birini seçir: ya radikal mastektomiya (döşün kəsilib götürülməsi), yaxud lampektomiya və kvadrantektomiya həcmində orqansaxlayıcı əməliyyat  taktikasını tətbiq edir.

SVX ilə mübarizədə bu mərhələyə gəlib çatıbsınızsa bilin ki, orqansaxlayıcı əməliyyatlar əsasən xəstəliyin erkən mərhələsində (I və II mərhələdə) tətbiq oluna bilər. Döşünüzdə kiçik ölçülü törəmələr varsa, cərrahiyyə əməliyyatından sonra şüa müalicəsi ala bilərsinizsə, o halda döşünüzü qorumaq şansınız çoxdur. Bir məqamı da nəzərə alın ki, orqansaxlayıcı əməliyyatdan sonra eyni süd vəzində xəstəliyin yenidən əmələ gəlmə ehtimalı ildə 0,5%-dən 1 faizədəkdir. Bu da törəmənin onkoloji xüsusiyyətlərindən asılı  olaraq dəyişir.

Süd vəzi xərçənginin cərrahi yolla müalicəsində yalnız törəmənin çıxarılması kifayət etməz. Kanser kütləsinin götürülməsindən  əlavə qoltuqaltı limfa düyünləri də çıxarılmalıdır. Limfa düyünlərinin disseksiyası törəmənin götürülməsi  ilə eyni seansda, törəmənin yayılma dərəcəsini müəyyən etmək üçün aparılır. Limfa düyünlərində kanser hüceyrəsi müəyyən edilərsə, müalicə planı dəyişilməlidir.

Sonradan sürprizlərlə qarşılaşmamaq üçün əməliyyatdan əvvəl həkiminizlə ətraflı söhbət edin. Müalicə prosesinin gedişatı barədə dəqiq bilgi alın. Əməliyyatdan sonra kimyəvi dərman müalicəsinə ehtiyac olarsa, xəstə əvvəlcə kimyəvi terapiyanı, sonra isə şüa müalicəsini qəbul etməlidir. Şüa müalicəsi qəbul edəcəyinizə, müntəzəm surətdə davamlı olaraq yoxlama-nəzarət (kontrol) müayinələrinə vaxtlı-vaxtında gələcəyinizə həm həkiminiz, həm də özünüz əmin olmalısınız. Bir özünüzə də sual verin: mən bu prosesə hazırammı? Nəzərə alın ki, uzun müddət davamlı nəzarət altında olacaqsınız. Fiziki ağrılara, mənəvi sıxıntılara dözə biləcəksinizmi? Yaşamaq, doğmalarınızın yanında olmaq, həyatdan həzz almaq istəyirsinizsə, dözməlisiniz. Sarsılmadan qətiyyət göstərməlisiniz. Özünüzdə bu gücü tapın. İnsan oğlu çox güclü və iradəlidir. Bəzən adi günlərdə ağlımıza belə gətirə bilmədiyimiz gücü ekstremal vəziyyətlərdə müşahidə edir, özümüzə heyran qalırıq.  Özünüzə və gücünüzə güvənin.

Ümumiyyətlə, SVX-nin müalicəsi bir neçə mütəxəssis – onkoloq, radioloq, patomorfoloqlar tərəfindən aparılır. Xəstənin psixoloji vəziyyətini nəzərə alaraq əməliyyatdan əvvəl və sonra psixoloq və psixiatorların da konsultasiyasına ehtiyac  yarana bilər. Orqansaxlayıcı əməliyyatın icrası mümkün olmayan xəstələrdə mastektomiya  əməliyyatı yerinə yetirilir ki, bu zaman süd vəzi regionar limfa düyünləri ilə birlikdə blok şəklində kəsilib götürülür. 

Mastektomiya – şiş kütləsinin ətrafındakı sağlam süd vəzi toxumasının regionar limfa düyünləri ilə birlikdə çıxarılması əməliyyatıdır. Bu halda xəstəliyin yenidən əmələ gəlməsi ehtimalı orqansaxlayıcı əməliyyatlara nisbətən 3-8% azdır.  Orqansaxlayıcı əməliyyatlarda şüa terapiyası mütləq vacib olduğu halda, mastektomiyadan sonra müəyyən göstərişlər olmazsa, şüa müalicəsi aparılmaya bilər. Şiş kütləsinin ölçüsü süd vəzinin ümumi ölçülərinə nəzərən böyük,  yaxud multisentrik (törəmənin sayının 1-dən çox olması) olduğu hallarda, əməliyyatdan sonra xəstənin şüa müalicəsi alması qeyri-mümkün olduqda mastektomiya əməliyyatının aparılması daha məqsədəuyğundur. Müasir dövrdə xəstənin öz toxumalarından   və yaxud protezlərdən istifadə etməklə  süd vəzində rekonstruktiv əməliyyatlar icra edilir. Yəni qadına süni döş qoyula bilir. Unutmayın, tibb elmi sizin üçün bu imkanları da yaradıb.

 

Kimyəvi dərman müalicəsi

Qadınları ən çox qorxudan müalicələrdən biri kimyəvi dərman  müalicəsidir. Bu terapiya xərçəng hüceyrələrini öldürən dərmanların damar yolu ilə bədənə yeridilməsindən və ya həb şəklində qəbul olunmasından ibarətdir. Həmin dərmanlar qan dövranına daxil olaraq bütün bədənə yayılır, beləcə uzaq orqanlara yayılmış xərçənglərin aradan qaldırılmasını təmin edir. Min təəssüf, bu preparatlar çox güclü təsirə malik olduqlarından xərçəng hüceyrələrini öldürərkən bəzi normal hüceyrələrə də zərər verə bilir ki, bu da yan təsirlərə yol açır... Lakin buna baxmayaraq, kimyəvi terapiya vacibdir. Düzdür, ağrılıdır, asan deyil. Amma vacibdir.

Nəzərə alın ki, xəstəliyin erkən mərhələlərində belə, xərçəng hüceyrələri SVX-dən qoparaq qan dövranı yolu ilə yayıla bilər. Bu hüceyrələr əlamətlərlə (simptomlarla) müşayiət olunmaya bilər, hətta rentgenoloji müayinələr zamanı görünməyə və fiziki müayinədə aşkar edilməyə bilər. Ancaq gizli-gizli, altdan-altdan öz işini görən bu mənfur hüceyrələr böyüməyə davam etsələr, bədənin başqa bölgələrində yeni şişlərin meydana gəlməsinə səbəb olarlar. Bax, kimyəvi dərman  müalicəsi məhz belə hüceyrələri tapıb məhv etmək üçün tətbiq olunur. Kimyaterapiya bütün orqanizmə təsir göstərən sistemli dərman terapiyasıdır.  Məqsədi də törəməni, damar və limfatik yolla başqa orqanlara yayılan şiş hüceyrələrini məhv etməkdən ibarətdir. Müasir dövrdə çoxsaylı kimyəvi dərman preparatları var. Əsas prinsipsə budur: daha sürətli bölünmə qabiliyyətinə malik olan şiş hüceyrələrini bu xüsusiyyətindən istifadə yoluyla məhv etmək və ya böyüməsinin qarşısını  almaq.

Cərrahiyyə əməliyyatından sonra kimyaterapiyanın tətbiqi döş xərçənginin yenidən əmələ gəlməsi ehtimalını azaldır. Kimyaterapiya cərrahiyyədən əvvəl də tətbiq edilə bilər.  Bu, birincili şişin kiçilməsini və beləcə daha asan çıxarılmasını təmin edər.

Bilin ki, SVX yeni aşkar edildikdə belə döşdə mikrometastazların varlığı ehtimal  olunur. Bu səbəbdən, son 30 ildə erkən mərhələdə süd vəzi  xərçənginin cərrahi müalicəsinə əlavə olaraq mikroskopik metastazları yox etməyi hədəf götürən qoruyucu (adyuvant) kimyaterapiya və hormonoterapiya təyin edilir. Sevindirici haldır ki, adı çəkilən müalicələr sayəsində həm xəstəliyin yayılma müddətində, həm də ümumi yaşama göstəricilərində yaxşılığa doğru dəyişmə müşahidə olunur. Yaxın vaxtlarda bunlara bir də bioloji müalicə əlavə olunub.

Həkim müvafiq bir adyuvant müalicə planını seçərkən bir sıra faktorlara diqqət edir: xəstənin yaşı, şişin diametri, qoltuq altındakı metastatik limfa düyünlərinin miqdarı, estrogen (ER) və progesteron (PR) hormon reseptorlarının ekspressiyası, xəstədəki digər xəstəliklər və HER2/neu geninin ekspressiyası müvafiq dərman sxemlərinin seçilməsində vacib rol oynayır. Qeyd edək ki, hormon reseptorları neqativ olan SVX zamanı antiestrogen müalicədən istifadə edilmədiyi kimi, HER2/neu gen ekspressiyası mənfi olan SVX-də də  trastuzumab adlı bioloji müalicədən istifadə edilməsinin heç bir faydası yoxdur. 

Optimal  kimyəvi dərman müalicəsinin  müddəti 4-6 aydır. Müalicə sxemi seçilərkən dərmanların kənar təsirlərinə və xəstənin digər xəstəliklərinə mütləq diqqət edilməlidir. Xəstə bilməlidir ki, kimyaterapiya nəticəsində saç tökülməsi, ürəkbulanma, qusma, halsızlıq, ishal və ya qəbzlik, aybaşı nizamsızlıqları, dırnaq və dəri dəyişiklikləri, həmçinin erkən menopauza riski var. Amma bu kənar təsirlərin çoxu keçicidir, yəni müvəqqətidir. Müalicə əsnasında ən çox diqqət çəkən məsələlərdən biri də infeksion xəstəliklərə qarşı alınacaq tədbirlərdir.

 

Hormonoterapiya 

Kimyaterapiya bitdikdən sonra hormonal reseptorları müsbət olan xəstələrə hormon müalicəsi təklif edilir. Reproduktiv dövrdə olan xəstələrə 5 il müddətinə   selektiv antiestrogen olan Tamoksifen təyin edilir. Həmçinin 40 yaşın altında olan xanımlara, ən az 2 il müddətlə, yumurtalıq funksiyasını müvəqqəti olaraq dayandıracaq dərmanlar verilir. Menopauza dövründə olan xəstələrin adyuvant hormon müalicəsində Tamoksifenlə yanaşı, aromatazanın inhibitorlarından da istifadə etmək mümkündür. Bu gün istifadə olunan 3 növ aromatazanın ingibitoru vardır; anastrazol, letrozol və eksemestan. Bu dərmanların istifadəsi zamanı nizamlı ginekoloji müayinələrdən keçmək vacibdir, osteoporozla əlaqədar  xəstələrə illik nəzarət edilməsi, xüsusilə aromatazanın inhibitorlarından istifadə zamanı qan serumunda xolesterol səviyyələrinin yoxlanılması lazımdır. Yadınızda saxlayın ki, Tamoksifenlə bağlı qara ciyərdə piylənmə, atəş basması, çox nadir də olsa uşaqlıq xərçəngi, damar tıxanmaları və görmə pozğunluqları ola bilər.

 

Radioterapiya

Radioterapiyada yüksək enerjili şüalar (x şüaları kimi) vasitəsilə xərçəng hüceyrələri məhv edilir və ya kiçildilir. SVX-nin müalicəsi üçün həm xarici, həm də toxumadaxili şüa verilə bilər. Radioterapiya cərrahiyyə əməliyyatından  sonra  süd vəzində, döş qəfəsinin ön səthində və ya qoltuqaltı nahiyədə qalan xərçəng hüceyrələrini aradan qaldırmaq üçün istifadə edildiyi kimi, daha az sıxlıqla cərrahi əməliyyatdan əvvəl şişin kiçildilməsi üçün də tətbiq oluna bilir.

Şüa müalicəsinə əməliyyatdan təxminən bir ay sonra başlanılır, 6 və ya 7 həftə boyunca həftənin 5 günü davam edilir. Hər seans bir neçə dəqiqə çəkir. Şüa müalicəsi ağrısızdır. Bu terapiyanın ən əhəmiyyətli yan təsirləri süd vəzində  şişlik və ağırlıq hissi, müalicə tətbiq olunan bölgədə günəş yanığına bənzər dəyişikliklər və halsızlıqdır. Bilin ki, süd vəzi toxumasında və dəridə meydana gələn dəyişikliklər, ümumiyyətlə, 6 aydan 12 ayadək müddətdə itir. Bəzi qadınlarda isə müalicədən sonra süd vəzi  daha kiçik və daha möhkəm hala gəlir.

Gördüyünüz kimi, sağlamlığınıza həssas yanaşma, xəstəliyin müalicəsinə ağıllı və təmkinli münasibət sayəsində süd vəzi xərçənginə də qalib gəlmək mümkündür. İradəli olun və xəstəliyə deyin: “SVX, mən səndən güclüyəm!”

TİBBİ XİDMƏTLƏR

  • USM
  • Mammoqrafiya
  • Kompyuter tomoqrafiyası
  • Rentgen kabineti
  • Patomorfoloji laboratoriya
  • Biokimyavi laboratoriya
  • Endoskopiya
  • Kardiologiya
  • Kolposkopiya

Faydalı linklər

  • A. R. Səhiyyə Nazirliyi
  • A. R. Təhsil Nazirliyi
  • Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası
  • Virtual Qarabağ

ATU VƏ KLİNİKALAR

  • Aərbaycan Tibb Universiteti
  • Tədris Stomatoloji Klinika
  • Tədris Terapevtik Klinika
  • Tədris Cərrahiyyə Klinika
Ünvan:
Bakı şəhəri, S.Vurğun küçəsi 208
Telefonlar:
(+99412) 541-59-76
(+99412) 541-59-77
(+99412) 541-59-78
E-mail:
contact@amuoncoclinic.com
Copyright © 2014 - 2017. Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası! Bütün hüquqlar qorunur.