Xəbərlər
ATU-nun Onkoloji Klinikasında elm günü qeyd olundu
28.03.2019
Azərbaycan Tibb Universitetinin Onkologiya Klinikasında AMEA-nın Biologiya və Tibb bölməsi ilə birlikdə Elm Gününə həsr olunmuş elmi seminar keçirilib. Konfransda Azərbaycanla yanaşı, Rusiya və Belarusdan mütəxəssislər iştirak ediblər.
Seminardan öncə xarici qonaqlar ATU-nun Onkologiya Klinikasının direktoru akademik Əhliman Əmiraslanovla görüşüblər. Görüş zamanı akademik Ə.Əmiraslanov ATU-nun Onkoloji Klinikasının fəaliyyəti, görülən işlər barədə qonaqlara məlumat verib. Klinikada sümük onkologiyası, onkoginekologiya, mammologiya, abdominal onkologiya, baş-boyun onkologiyası, kimyəvi dərman terapiyası sahəsində aparıcı müəxəssislərin çalışdığı, müxtəlif mürəkkəb əməliyyatların icra olunduğu, ən müasir avadanlıqlarla təchiz olunmuş patomorfoloji və biokimyəvi laboratoriyaların fəaliyyyət göstərdiyi qeyd edilib.
AMEA-nın Fiziologiya İnstitutunun direktoru Ulduz Həşimova qeyd edib ki, Azərbaycan prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən, ölkəmizdə hər il martın 27-si Elm Günü kimi qeyd olunur. Azərbaycanın elmi ictimaiyyəti üçün əlamətdar hadisə olan bu tarix münasibətilə AMEA-nın institutlarında, təhsil ocaqlarında müxtəlif formatlı tədbirlər keçirilir. Onkoloji Klinikada təşkil olunan elmi seminar müasir biotibbin aktual məsələlərinə həsr olunub.
Rusiyanın D.O.Ott adına Mamalıq, Ginekologya və Reproduktologiya Elmi Tədqiqat İnstitutunun Patomorfologiya şöbəsinin rəhbəri, professor İqor Kvetnoy dəvət üçün təşəkkür edərək təmsil etdiyi qurum, burada aparılan elmi tədqiqatlar barəsində məlumat verib. Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub.
Qeyd edək ki, İqor Moyiseyeviç Kvetnoy Molekulyar tibb və neyroimmunoendokrinologiya sahəsində tanınmış mütəxəssis, tibb elmləri doktoru, melatoninin ekstrapineal sintezi kəşfinin müəllifidir. Rusiya Federasiyasının əməkdar elm xadimidir. Elm və texnika sahəsində RF hökuməti mükafatı laureatı, Rusiya Tibb Elmləri Akademiyasının V.X.Vasilenko adına mükafatın laureatı, Böyük Britaniya Kral Cəmiyyətinin Pirs mükafatı laureatıdır.
“Qocalmanın neyroimmunoendokrin mexanizmləri. Bukkal epiteli və yaşla bağlı xəstəliklərin fərdiləşdirilmiş diaqnostikası və target terapiyasının optimallaşdırılması” mövzusunda elmi seminarda yaşla bağlı xəstəliklər, bu xəstəliklərin yeni müalicə üsulları barədə müzakirələr aparılıb. Tədbirdə Belarusun Fiziologiya İnstitutunda onkoloji problemlərlə məşğul olan mütəxəssislərin mühazirələri də dinlənilib.
Seminardan başa çatdıqdan sonra Onkoloji Klinikanın həkimləri ilə qonaqlar arasında səmimi söhbət oldu. Qonaqlar Azərbaycana gəlişdən məmmunluq duyduqlarını bildirdilər. Bakının gözəlliyinə və müasirliyinə heyran olduqlarını vurğuladılar. Azərbaycan Səhiyyəsinin fenomen nümayəndələrindən olan akademik Ə.T.Əmiraslanovla görüş, Onkoloji Klinika ilə tanışlıq barədə yüksək təəssüratlarını paylaşdılar, əməkdaşlığı davam etdirməyin hər üç tərəf üçün faydalı olacağını vurğuladılar.