Xəbərlər
Əhliman Əmiraslanov: “2020-ci ilədək Azərbaycanda tibbi sığorta tətbiq ediləcək”
07.02.2019
“Parlament seçkilərinə hələ 1 ildən çox qalır, deyirlər seçkilər indi keçirilsin”
Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman ƏmiraslanovAzərbaycan səhiyyəsinin bugünkü durumu, cəmiyyəti narahat edən xəstəliklər, həmçinin ölkənin gündəmini zəbt edən bir sıra siyasi məsələlər barədə Modern.az-a müsahibə verib.
- Əhliman müəllim, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan deputatların toplantısı keçirildi. Nələri müzakirə etdiniz?
- Həmin toplantıda cənab Prezident İlham Əliyevin ilin yekunları ilə bağlı səsləndirmiş olduğu fikirlər ətrafında müzakirələr aparıldı. Ötən il hansı proqramlar həyata keçirilib, regionların inkişafı ilə bağlı yeni proqramın qəbul olunması kimi məsələlər və s. müzakirə edildi. Qarşıda duran vəzifələr müəyyənləşdirildi. Deputatların bu istiqamətdə üzərinə düşən vəzifələrlə bağlı fikir mübadiləsi aparıldı. Mənə elə gəlir, bu, çox təqdirəlayiq hal idi. Partiyamızın icra katibi, Baş nazirin müavini Əli Əhmədov deputatların fəaliyyətinin daha da aktivləşdirilməsi məsələsini qaldırdı .Tez-tez seçicilərlə görüşmək, seçildikləri regionlara səfərlər etmək, seçicilərin problemləri ilə maraqlanmaq məsələsi ortaya qoyuldu.
- Siyasi səhnədə başqa məqamlar da diqqət çəkməyə başlayıb. Xüsusilə, sosial media vasitəsilə xaricdə yaşayan bəzi soydaşlarımızın insanları mitinqlərə səsləməsi halları müşahidə olunur. Bütün bunlara münasibətiniz necədir?
- İnsan bəzən sosial mediaya baxanda təəssüf hissi keçirir. Mentalitetimizə, Azərbaycan xalqının adət - ənənələrinə və əxlaqına uyğun olmayan, yaramaz fikirlərlə rastlaşırıq. Hər hansı şəxs müxalifətdə də, iqtidarda ola bilər. Amma gərək öz mənliyini, mənsub olduğu xalqın mentalitetini itirməsin. Xarici ölkələrdən yayılan fikirlər heç cür bizim mentalitetimizə və əxlaqımıza uyğun deyil. Təsəvvür edin, həmin sosial şəbəkələrə bizim gənclərimiz, nəvələrimiz, balalarımız da daxil olur. Biz onlara nə öyrədirik sosial şəbəkələrdə? Mən bu cür addımları pisləyirəm. Xarici ölkələrdə Azərbaycan əleyhinə işləyən qüvvələr, erməni lobbisi də var. Düşünürəm ki, onların dəstəyi ilə bütün bunlar həyata keçirilir. Bəzən saytlar açılır, təbliğat aparılır. Buna kifayət qədər böyük vəsait lazımdır. Həmin şəxslərdə bu vəsaitlər haradandır? Sözsüz ki, xarici ölkələrdə Azərbaycan əleyhinə olan qüvvələr onları maliyyələşdirir. Həmin şəxslər özlərini Azərbaycan xalqının gözündən salırlar.
Ölkə başçısı Azərbaycanda demokratiyanın inkişafı üçün böyük işlər görür. Bütün media sistemindən məhdudiyyətlər götürülüb. Kim istəyir sayt yaradır, bu sahədə azadlıq təmin olunub. Ona görə də bizdəki media azadlığından istifadə edib, artıq-əskik danışmaq yaramaz.
Mən bir şeyi bilirəm ki, demokratik ölkədə hakimiyyətə gəlməyin yalnız bir yolu var. Mitinqlərlə, küçə yürüşləri ilə hakimiyyətə gəlmək mümkün deyil. Ölkəmizdə obyektiv, demokratik, beynəlxalq hüquq normalarına cavab verən seçkilər keçirilir. Hakimiyyətə gəlmək istəyirsən, gəl seçkilərdə iştirak et. Prezident seçkilərindən heç bir il keçmədən müxtəlif fikirlər səsləndirməyə başlayırlar. Parlament seçkilərinə hələ bir ildən çox vaxt var, deyirlər seçkilər indi keçirilsin. Niyə? Azərbaycan dövlətçiliyinə qarşı olanlar bilməlidirlər ki, daha 20-30 il əvvəl deyil. Xalqımız hər şeyi gözəl bilir, pafoslu, bəlağətli çıxışlarla onu aldatmaq zamanı geridə qalıb. Dövlətimiz etibarlı əllərdədir.
- Əhliman müəllim, son vaxtlar ölkəmizdə “donuz qripi” təhlükəsi ilə bağlı fikirlər dolaşır və məsələ rəsmi təsdiqni tapıb. Bu cür viruslar haradan qaynaqlanır, onun qarşısını almağın yolları nədir?
- Hesab edirəm ki, bu barədə məlumatlar, təhlükə haqqında informasiyalar bir qədər şişirdilib. Şübhəsiz ki, texniki adı A H1-N1 olan “donuz qripi” virusu var. Bu isə yeni xəstəlik deyil. Əvvəllər də bütün dünyada “donuz qripi”nə yoluxan insanlar olub. Viruslar əhali arasında vaxtaşırı yayılıb, problemlər yaradıb. Narahatlıqların qeyri-ciddi olduğunu deyə bilmərik. Qonşu ölkələrdə artıq A H1-N1 virusu yayılıb. Azərbaycanda mövcudluğu haqqında məlumatlar əldə etmişik. Məndə olan məlumata görə, bir neçə insan müayinə edilib, analiz üçün material götürüblər. Nəticədə məlum olub ki, həmin xəstələr “donuz qripi” deyil. Bunu yalnız laborator müayinələrlə təsdiq etmək mümkündür. Əyani baxaraq, kiminsə hərarəti yüksələn kimi, qrip əlamətləri, yuxarı tənəffüs yollarında iltihab görünən kimi “donuz qripi” olduğunu iddia edə bilmərik. Laborator müayinələrlə ilkin diaqnozu təsdiq mütləqdir. Laborator müayinələrin bitməsindən, əlimizdə məlumat olmasından sonra ölkəmizdə “donuz qripi”nə yoluxan şəxslər barədə nəsə deyə bilərik.
Bu virusdan təhlükəli infeksiyalar da ola bilər. Bəzən belə bir fikir də səslənir ki, A H1-N1 virusu mütləq ölümə aparır. Belə deyil. Bu viruslar müalicə olunur, “donuz qripi” əleyhinə vaksinlər, xüsusi hazırlanmış preparatlar da var. “Donuz qripi”ndən o insanlar dünyasını dəyişir ki, digər patologiyaların daşıyıcısıdırlar. Məsələn, ürək-damar, immunitet sistemi pozğunluğu və s. narahatlıqlardan əziyyət çəkənlər, yaşlılar və uşaqlar “donuz qripi”nə yoluxarsa, ciddi keçirəcəklər. Zamanında müalicə olunmasa, həmin şəxslərdə ölüm halları da baş verə bilir.
“Donuz qripi”, “quş qripi” və s. viruslar daim mutasiyaya uğrayır, müəyyən müddətdən bir dəyişirlər. Onların müalicəsini bir qədər çətinləşdirən də məhz budur. Məsələn, hazırda əlimizdə “donuz qripi”nə qarşı peyvənd var. Gələn il bu virus mutasiyaya uğramış şəkildə yayılarsa, əlimizdəki vaksin ona qarşı effektsiz olacaq. Yeni virusa qarşı yeni peyvənd əldə etmək ən azı 6- 8 aya başa gəlir. Bununla əlaqədar təşvişə ehtiyac olmadığını düşünürəm.
- Sizcə, "donuz qripi" ilə bağlı görülməli olan profilaktik tədbirlər hansılardır?
- Elə qrup əhali var ki, onlar hökmən peyvənd edilməlidir. Həkimlər, xəstələrlə təmasda olan insanlar, uşaqlar, yuxarı tənəffüs yolları xəstəlikləri, astma kimi ciddi narahatlıqları olan şəxslər mütləq vaksinləşdirmədən keçməlidirlər. Bütün əhalini peyvənd etmək çox gözəl olar, halbuki, həmin peyvəndlər yüzdə yüz virusdan qorumur. Ən yüksək təsirli vaksinlərin effektivliyi 60-70 faizdir. Risk yenə də qalır.
İkinci tərəfdən, şəxsi gigiyenanın bu viruslardan qorunmaqda çox böyük rolu var. Əgər bir nəfərin xəstəliyi varsa, qrip olubsa, ilk olaraq, evdən çıxmamalıdır. İcimai məkanlarda, insanlar arasında çox qalmamalıdır. Tibbi maskalardan hökmən istifadə etmək, tez-tez əlləri antiseptiklərlə təmizləmək, yumaq vacibdir. Şəxsi gigiyenaya düzgün riayət olunması tək “donuz qripi”ndən deyil, digər viruslardan qorunmağa da kömək edir.
İnsanlar arasında kütləvi təlafat törədən xəstəliklərlə müqayisədə A H1-N1 virusunun böyük təhlükəsi yoxdur. Azərbaycanda bu xəstəliyin epidemiya, pandemiya (həddindən çox yayılma) əlamətləri görülmür. Hesab edirəm ki, mövsümü keçdikdən sonra “donuz qripi”nin də təhlükəsi sovuşacaq. Yenə qeyd edirəm, xüsusilə, mətbuat tərəfindən bu virus təhlükəsinin şişirdildiyini düşünürəm.
- “Donuz qripi”nə qarşı vaksinlər ölkədə hazırlanır, yoxsa ancaq xaricdən alınır?
- Peyvəndlər əsasən xarici ölkələrdən gətirilir. Ölkəmizdə də vaksinlər var, amma xaricdən daha çox sifariş edirlər. Bəzən həmin vaksinlərə mənfi münasibət sərgilənir. İnsanlar arasında fikirlər yayılıb ki, vaksinlərin uşaqlara ziyanı var, hətta başqa xəstəliklərə səbəb ola bilir. Bütün bunlar yanlış məlumatlardır. Məsələn, son vaxtlar qızılca xəstəliyi yayılıb. Bunun səbəbi vaksinasiyadan yayınmadır. Sovet dövründə bir standart qoyulmuşdu, hər kəs peyvənd olunurdu. Müvafiq yaşlara uyğun uşaqlara, yeniyetmələrə peyvəndlər vurulurdu. Bu qaydalara indi də əməl etməliyik. İnsanlar hesab edir ki, infeksiya yoxdur, peyvənd də vacib deyil. Sonradan təhlükəsiz olduğunu düşündüyümüz infeksiya yayılmağa başlayır. Bu sahədə işlər aparıldığından ciddi təhlükəni görmürəm.
- Əhliman müəllim, necə hesab edirsiniz, Azərbaycan insanı öz səhhətinin qayğısına qala bilirmi?
- İstənilən şəxs, dünyanı, özünü dərk edən hər bir insan vaxtaşırı sağlamlığı barəsində düşünməlidir. Bütün yaşlarda bu vacibdir. Xüsusilə, müəyyən yaşdan sonra profilaktik müayinələri hökmən aparmaq lazımdır. İnsanların müayinələrə münasibəti, sağlamlığının qeydinə qalmaq məsələsində bir qədər biganəliyi müşahidə edilir. Mütləq orqanizm həyəcan təbili çalır, ağrılar, narahatlıq yaranır – biz ancaq onda həkimə gedirik. Halbuki, hər bir mədəni insan müayinələrdən keçməli, “chek-up” dediyimiz profilaktik analizlərdən vaxtaşırı istifadə etməlidir. İstər qadınlar, istərsə də kişilər üçün bu, hökmdür. Ayrı-ayrılıqda ürək “chek-up”ları, onkoloji xəstəliklər üçün kompleks müayinələr, bütöv patologiyaları özündə əks etdirən analizlərdən mütləq istifadə edilməlidir. Qan müayinəsindən tutmuş, digər mürəkkəb müayinələrə, yüksək texnologiyalarla təchiz olunmuş avadanlıqlara qədər keçmək vacibdir. Çünki hər hansı patologiyanı erkən aşkara çıxardıqda onun müalicəsi qat-qat asan olur, nəinki gecikəndə.
- Yeri gəlmişkən, son zamanlar onkoloji xəstəliklərdə çox yayılıb. Bu barədə çox danışılır. Mütəxəssis olaraq bu xəstəliyin çox yayılmasının və cavanşalmasının səbəbini nədə görürsünüz?
- Tamamilə razıyam ki, son illərdə onkoloji xəstəliklərin təsadüf olunma göstəriciləri artıb. Ən çox yayılan kişilər arasında ağciyər, prostat vəzi, qadınlar arasında süd vəzi xərçəngidir. Bəzi şiş növləri arasında isə azalma və stabillik də görünür. Məsələn, əvvəllər ən çox mədə xərçəngi ilə qarşılaşırdıq, amma son illər bu stabilləşib.
Baxmayaraq ki, mən özüm onkoloqam, bu sahənin mütəxəssisiyəm – deyə bilərəm ki, onkoloji xəstəliklərin əmələ gəlmə səbəbini dəqiq bilmirik. Amma bütövlükdə dünyanın aparıcı klinikalarında bir neçə min xəstə üzərində aparılan geniş miqyaslı tədqiqatlar təsdiq edib ki, onkoloji xəstəliklərin əmələ gəlməsində birinci yeri qida faktoru tutur. İkinci yerdə siqaret çəkmək və ətraf mühit, üçüncü reproduktiv münasibətlərin pozulması - reproduksiyadır.
Repruduksiya dedikdə övlad dünyaya gətirmək, körpəyə süd vermək, qadınların ailə qurmaq yaşı və s. başa düşülür. Bu faktorlar xərçəngin əmələ gəlməsinin təxmini 65-70 faizini təşkil edir. Bizim qəbul etdiyimiz qidalar hətta mədə-bağırsaqla əlaqəli olmayan onkoloji xəstəliklərin yaranması ilə nəticələnir. Həddindən artıq heyvani piylərlə zəngin, konservləşdirilmiş, qızardılmış qidalar, qırmızı ət ölkəmizdə qida rasionunun əsasını təşkil edir. Hansı ölkələrdə ki, balıq və ağ ət adlandırdığımız toyuq ətindən istifadə olunur, meyvə-tərəvəz qida rasionunda xüsusi yer tutur, bitki mənşəli qidalardan daha çox istifadə edirlər, həmin ölkələrdə bir çox onkoloji patologiyaların sayı azdır. Bunu mən demirəm, dünya statistikası təsdiqləyir. Ona görə, şiş əleyhinə mübarizə dünyanın bir çox ölkələrində dövlət proqramı var. Bizdə də bu hazırlanır. Həmin proqramlarda qida faktoruna xüsusi yer ayrılır və insanlar bu istiqamətdə maarifləndirilir. Məsələn, Amerikada hesab edirlər ki, həftənin azı 4 günü zəngin meyvə və tərəvəz yeyilməlidir. Bu cür sistemli qidalanmaqla bir çox şişlərin qarşısını almaq olar.
Ətraf mühit də onkoloji xəstəliklərin artmasında rol oynayır. Atmosferə atılan tullantılar, yuxarı tənəffüs yolları, ağciyər xərçənginin əmələ gəlməsində ətraf mühit faktorunun xüsusi rolu var.
Kişilərdə bədxassəli şişin yaranmasında ən çox rol oynayan faktor siqaret çəkməkdir. Bu təsdiq olunub ki, bir çox onkoloji xəstəliklər - ağız boşluğu, yuxarı tənəffüs yolları, ağciyər, sidik kisəsi, mədə, mədəaltı vəzin xərçəngi siqaret çəkənlərdə çəkməyənlərə nisbətən 10 dəfələrlə çoxdur. Siqaret çəkməyən kişilərdə ağciyər xərçənginə çox nadir hallarda təsadüf olunur. Amma çəkənlərin böyük əksəriyyəti bu kimi xəstəliklərə tutulur. Siqaret tüstüsünün kimyəvi tərkibi, hansı maddənin necə təsir etməsi, konseligen maddələrin insan orqanizmi ilə əlaqəsi dərin öyrənilib, təsdiq olunub. Siqaretə qarşı mübarizə haqqında qanun ölkə başçısının göstərişi, Milli Məclisin təsdiqi ilə qüvvəyə mindi. Halbuki, mən küçəyə çıxanda, yeməkxanalara gedəndə, ictimai yerlərə baş çəkəndə görürəm ki, siqaret çəkməyin qadağan edildiyi yerlərdə bu qanuna əməl olunmur. Bu, çox böyük bədbəxtlikdir. Bəziləri düşünürlər ki, qadağalar sulu qəlyana aid deyil. Bu da düzgün yanaşma deyil. Sulu qəlyanın insan orqanizminə mənfi təsiri siqaretdən də böyükdür.
Son illərdə elektron siqaretlər dəb olub. İnsanlar hesab edirlər ki, elektron siqaret bu vasitənin konserogen təsirini azaltmış olur. Səhv düşünürlər. İnsan orqanizmində bədxassəli şişlərin əmələ gəlməsində bütün bu sadaladıqlarımız mənfi mənada ciddi rol oynayır.
Bəzi ölkələrdə siqaretlə mübarizə o qədər ciddidir ki, hətta küçədə insanların siqaret çəkməsinə icazə verilmir. Xüsusi yerlər var, orada siqaret çəkilməsi üçün ayrılıb. Məsələn, xarici ölkələrdə hava limanında bir otaq ayrılıb, içəri girdikdə tüstüdən göz gözü görmür. İnsanlar təkcə orada siqaret çəkə bilərlər. Amerika Birləşmiş Ştatlarında insanlar yağışlı, qarlı havada da çıxıb bayırda siqaret çəkməlidirlər. Siqaretlə mübarizənin mütəşəkkil həyata keçirildiyi həmin ölkələrdə digərlərinə nisbətən ağciyər xərçəngi azalmağa doğru gedir. Ağciyər xərçənginin müalicəsi xeyli mürəkkəb və çətindir. Proqnozları da ürəkaçan deyil. Yuxarıda qeyd etdiyim kimi kişilər arasında ən çox ölümlə nəticələnən xərçəngin bu növüdür. Qadınlar arasında isə süd vəzi xərçəngidir. Hansı xanımlar ki, gec ailə qurur, gec yaşda uşaq dünyaya gətirirlər, bundan sonra uşağı ana südü ilə qidalandırmırlar, uşaqların sayı az olur - o şəxslərdə süd vəzi xərçənginə tutulma riski çox yüksəkdir. Dəb yaranıb, xüsusilə, gənclər övlad dünyaya gətidikdən sonra onu ana südü ilə böyütmək istəmirlər. Uşağı ana südündən yayındırmaq uşağa zərər olmaqla bərabər, ananın özünün bədxassəli şişlərə tutulma riskini də artırır. Bu faktorlar - qida, siqaret, ətraf mühit, reprudiktiv münasibətlərin pozulması onkoloji xəstəliklərin artmasının əsas səbəbləridir.
- Qeyd etdiyiniz məqamlar dünya üzrə göstəricilərdir, yoxsa Azərbaycana da aiddir? Ölkəmizlə bağlı statistik rəqəmlər nədən xəbər verir?
- Ölkəmizlə bağlı statistik göstəricilərə nəzər saldıqda, görürük ki, MDB ölkələri arasında orta sıralarda qərarlaşırıq. Eyni nüanslar bizdə də var. Azərbaycanda da kişilər arasında ağciyər xərçəngi, qadınlarda süd vəzi xərçəngi ilkin yerdədir.
- Vurğuladınız ki, xərçəng riskini artıran başlıca amil qidalardır. Son zamanlar vegeterianlıq, ət məhsullarından tamamilə imtina dəb halına gəlib. Buna münasibətinizi bilmək istərdik?
- Mən ətdən istifadənin tamamilə aradan qaldırılmasının əleyhinəyəm. Dünyada elə insanlar var ki, onlarda orqanizmin ət və ət məhsullarını qəbul etməməsi kimi problemlər mövcuddur. Əsl vegeterianlar bu şəxslərdir. Bütövlükdə isə, sağlamlıq adı ilə tamamilə ətdən imtina etmək düzgün deyil. Çünki ət məhsullarında heyvan mənşəli elə zülallar var ki, orqanizm üçün lazımdır. Ona görə, əti, ət məhsullarını qida rasionumuzdan çıxara bilmərik. Öz tərzimi sizə deyə bilərəm, həftədə ən çox bir dəfə qırmızı ətdən istifadə edirəm.
- Bəzən iddia olunur ki, xərçəng adlı xəstəlik yoxdur və ya qarşısını almaq çox asandır, hətta bu xəstəliyin müəyyən dairələrin biznes sahəsi olduğunu iddia edənlər də var. Həmin fikirlərlə razılaşırsınızmı?
- Tamamilə absurd fikirdir. İnsan mövcud olduğu zamandan xərçəng həmişə olub. Düzdür, müəyyən dövrlərdə, azalma, stabilləşmə müşahidə edilib. Sadəcə o zamanlar insanların xərçəngə tutulma faizi aşağı idi. Digər tərəfdən diaqnostika imkanlarının aşağı olması, diqanostik imkanların məhdudluğu xərçəngin az olduğu barədə təsəvvür formalaşdırırdı. Sivilizasiya, industrializasiya, insanların ətraf mühitə mənfi təsiri, qidalardan, heyvan mənşəli yağ və piylərdən kifayət qədər çox istifadə olunması, zərərli vərdişlərin artması xərçəngin də sürətlə yayılmasına gətirib çıxardı.
Ailə tərkibinin dəyişməsi də bu kimi amillər sırasındadır. Bizim nənələrimizin bir uşağı olmayıb, 6-7 övlad dünyaya gətirib, hamısını ana südü ilə böyüdüblər. Mənim yadımdadır ki, Moskvada çalışdığım vaxt qadınlar arasında süd vəzi xərçənginin həm Estoniyada, həm də Türkmənistanda yayılması tədqiq edildi.Tədqiqatlardan məlum oldu ki, Estoniyada süd vəzi xərçəngi Türkmənistandan 30 dəfə çoxdur. Səbəbi məlumdur. Türkmənistanda hər ailədə 10-11 uşaq dünyaya gəlir, ana südü ilə qidalandırılır, Estoniyada isə 1-2 övlad, ana isə övladlarına süd vermir. Nəticədə təsdiqləndi ki, süd vəzi xərçəngi reprudiktiv münasibətlərin pozulmasından əmələ gəlir.
Bədxassəli şişlərin olmaması iddiaları əsassızdır, mifdir. Bədxassəli şiş diaqnozu, hər hansı həkimin, professorun xəstəyə baxaraq, qoyduğu diaqnoz deyil. Şişin bədxassəli olduğunu müəyyən etmək üçün hökmən histoloji müayinə olunmalıdır. Şişdən parça götürülür, mikroskop altında baxılır, diaqnoz bəlli olur.
Digər əsası olmayan fikir də hansısa ölkədə xərçəngin müalicəsinin tapılmasıdır. İsrailin adını çəkirlər ki, guya orada xərçəng xəstəsi olan hər kəsi müalicə edirlər, bu isə bizdən gizli saxlanır. Dünya onkoloqlarının bir-biri ilə əlaqələri var, heç bir gizlin əməlləri yoxdur.
Hazırda Azərbaycanda onkoloji xəstələr hansı müalicəni alırsa, Amerikada da eyni müalicəni alırlar. Müvafiq protokollara uyğun olaraq müalicələr aparılır. Müasir dövrdə çox təsirli preparatlar hazırlanıb, xərçəngin müalicəsinə baxış da dəyişib. Əhali qorxur ki, xərçəng müalicə olunmayan xəstəlikdir, kim buna yoluxursa, hökmən dünyasını dəyişməlidir. Bu da əsassızdır. Dünyada xərçəngə düçar olmuş xəstələrin 50 faizi tamamilə sağalıb, həyata, ailəyə, cəmiyyətə qayıdır. Belə fikirlərin yaranmasının səbəbi isə müalicə olunmuş, tamamilə sağalmış insanların, onların ailəsinin xərçəngi gizlətməsidir. Nə vaxtsa müalicə olunduqlarını, qurtulduqlarını demirlər. Yaxud tam sağaldıqdan sonra düşünürlər ki, yəqin xəstəliyi xərçəng deyilmiş, nahaq yerə əməliyyat olunub və s. Kim ki, gec müraciət edir, həkimin ona müdaxilə etmək imkanı çox aşağı olur, xəstə dünyasını dəyişəndə səs-küy yaranır ki, xərçəng idi.
- Siz hansısa xəstəni xərçəngdən azad etmisinizmi?
- Əlbəttə. 35 il bundan əvvəl Moskvada əməliyyat etdiyim xəstələr Rusiyadan, Sibirdən mənimlə əlaqə saxlayırlar.
Xərçəngin müalicəsi üçün ilkin mərhələdən diaqnozun qoyulması vacibdir. Müalicə üçün imkanlar da çox genişlənib. "Hədəf terapiyası" adlı müalicə üsulu ilə birbaşa gen mutasiyasına təsir etdərək, müalicə aparılır. İnanıram ki, gələcəkdə bütün bunlar daha yaxşı nəticələr verəcək.
- Bu gün Azərbaycan xəstəsinin Azərbaycan həkiminə inanmaması nə ilə bağlıdır?
- İnsanlarımızda belə fikir formalaşıb, xəstələndinsə, maddi imkanın varsa, hökmən xarici ölkəyə getməlisən. Bu axın əvvəllər daha çox idi, mənə elə gəlir, son illərdə azalıb. Biz həmişə “peyğəmbəri kənarda axtarırıq”. İstər Azərbaycan səhiyyəsinin maddi-texniki bazası, istərsə də kadr potensialı imkan verir ki, bütün patologiyaları yüksək səviyyədə, protokola uyğun müalicə edə bilək. Müasir avadanlıqlarımız, savadlı həkimlərimiz var. Təxmini 8-9 il bundan əvvəl Tibb Universitetində diplomdan sonrakı təhsil sistemini dəyişərək, rezidentuyra təhsil sisteminə keçdik. Bu, həkimlərin yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasında böyük rol oynayır. Xarici ölkələrdə hazırlanıb, Azərbaycana qayıdan mütəxəssislərimiz də kifayət qədər çoxdur. Xüsusilə, mən Türkiyəni qeyd etmək istəyirəm. Həm Türkiyənin klinikalarında, həm də Avropada hazırlanmış mütəxəssislərimiz ölkəyə qayıtdıqda çox effektiv fəaliyyətləri ilə seçilirlər. Dünyada elə bir patologiya yoxdur ki, onu Azərbaycanda müalicə etmək mümkün olmasın. Müasir texnologiyalar hesabına Azərbaycanda bütün xəstəlikləri həm müayinə, həm də müalicə edə bilirik. Şübhəsiz ki, həkimlərimizin hamısınınm yüksək ixtisaslı, savadlı, vicdanlı olduğunu deyə bilmərik. Savad səviyyəsi yüksək olmayan, vicdanla çalışmayan həkimlərimiz də var. Amma belə həkimlərin sayının başqa ölkələrdən çox olduğu iddia edilə bilməz. Həkim səhvi, laqeydlik və s. problemlər dünyanın hər yerində var. Həkim səhvi elə bir addımdır ki, bilə-bilə edilmir. Sadəcə elə həkimlərimiz var, öz bilik səviyyələrini, savadlarını artırmalıdırlar.
- Bayaq qeyd edildi ki, insanlarımız öz səhhətlərinə biganə yanaşırlar. Bunun səbəbi maddi problemlərdir, yoxsa tibbi sığortanın tətbiq olunmamasıdır?
- Moskvada işləyən zaman eşitdiyim lətifə o zamanlar məşhur idi. Deyirdilər ki, bir yəhudi həkimə gəlirsə, göndərin, 6 aydan sonra gəlsin. Bir rus gəlirsə, 3 ay sonra qayıtsın. Qafqazlı həkimə gəlirsə, təcili qəbul edin, deməli, vəziyyəti çox ağırdır. Səhhətimizə qarşı laqeydliyi aradan götürmək vacibdir. Burada əsas məsələ tibbi təbliğatdır. Hər birimizin üzərinə böyük yük düşür. Səlahiyyətlərimizi yetərincə icra edə bilmirik. Xarici ölkələrdə xüsusi telekanallar fəaliyyət göstərir. 24 saat müxtəlif patologiyalarla bağlı insanlara maarifləndirici videolar, sujetlər göstərilir. Məsələn, qadınlar özlərində süd vəzi xərçəngini necə təyin edə bilərlər, nə qədər müddətdən bir müayinələrə getməlidirlər və s. kimi tibbi maarifləndirmələr qabardılır. Bu xəstəliyə tutulan şəxslər arasında həkimə tez müraciət edənlərin üstünlüyü aşkara çıxarılır. Gecikmənin hansı fəsadlar törədə biləcəyini izah edirlər. Bütün bunlarla insanları inandırmağa çalışırlar ki, hökmən həkimə getməlisən. Bizdə də çalışmaq, maarifləndirmə aparmaq lazımdır. Tək Səhiyyə Nazirliyinin, klinikaların, qanunvericiliyin üzərinə yük düşməməlidir. Ayrı-ayrı həkimlər də mütəmadi olaraq, mətbuatla işləməli, xəstələri maarifləndirməyə maraqlı olmalıdırlar.
- Axı bütün telekanallarımızda səhiyyə ilə bağlı verilişlər yayımlanır. Bəs, niyə effekt vermir?
- Mən özüm də telekanallardakı tibb verilişlərini izləmişəm. Bəzən televiziyalara təsadüfi insanlar, öz sahəsinin professionalı olmayanlar çıxarılır. Xarici ölkələrdən mütəxəssis adı ilə müxtəlif insanları dəvət edirlər. Amma araşdıranda görürsən, həmin şəxsləri öz ölkələrində tanıyan yoxdur, gəlib bizdə dərs keçirlər. Bütün bunlara qarşı mübarizə aparılacaq.
- Milli Məclisin Səhiyyə Komitəsi telekanallara bununla bağlı etiraz məktubu ünvanlaya bilərmi?
- Biz komitədə vaxtaşırı belə məsələləri müzakirə edirik. Səhiyyəmizin ağrılı məsələləri, problemlərin aradan qaldırılmasına görə addımlar həmişə ön plandadır. Əvvəllər gözün buynuz qişası ilə bağlı insanların narahatlığı mövcud idi. Bunun müvafiq qanun layihəsini qəbul etməklə həllinə nail olduq. Artıq orqan transplantasiyası ilə bağlı qanun layihəsi hazırlanır. Reprudiktiv sağlamlıqla bağlı qanun layihəsi hazırdır və Milli Məclisin işlər planına salınıb. Telekanallara tək məktub göndərməklə bu işlər həll olunmur. Bütövlükdə prosesin başında dayanan şəxslər düşünməlidir ki, kimisə efirə çağırmaq üçün ən azından bu sahənin mütəxəssisi ilə, müvafiq orqan - Səhiyyə Nazirliyi, Tibb Universiteti, Təkmilləşdirmə İnstitutu ilə məsləhətləşmək olar. Yoxsa kimin harada tanışı varsa, efirə həkim deyə çıxarır. Adam bəzən efirə çıxan həmin şəxslərin dediklərindən xəcalət çəkir.
- Xaricdən ölkəmizə gələn həkimlərlə bağlı məsələyə toxundunuz. Maraqlıdır, məsələn, İstanbulda əhali çoxdur, həkimlərin qazancı daha yüksəkdir, onlar üçün şərait də var. Orada mütəxəsis olan bir həkim Azərbaycana gəlməkdə niyə maraqlı olsun?
- Mən özüm cərraham. Hesab edirəm ki, tez-tez “qastrola çıxan” şəxslər yaxşı cərrah ola bilməz. Hər hansı cərrah Azərbaycana gəlir, əməliyyat aparır, həmin gün də qayıdır. Halbuki, cərrahi əməliyyat aparan həkim xəstəni nəzarətdə saxlamalıdır. Ona görə, çoxlu ağırlaşmalar meydana gəlir. Həkim bu gün burda, sabah digər şəhərdə, birisigün başqa ölkədə necə əməliyyat apara bilər? Ona görə, qeyd edirəm ki, ölkəmizdə kifayət qədər savadlı kadrlar var, bütün müalicələri burada həyata keçirmək mümkündür. Amma psixologiyamız belədir, kənardan gələnə daha çox inanırıq. Nəzərə almırıq ki, öz ölkəsində tanınmayan, müalicə məsələlərindən kənarlaşdırılmış adamlar bizə dərs keçir. Düzdür, Türkiyədə səhiyyə çox inkişaf edib, uzmanların yetişməsində yüksək təcrübə var. Tanınmışlar həkimləri dəvət etmək olar. Amma öz ölkəsində 3-4-cü dərəcəli olan həkimləri Azərbaycana dəvət edib, burda əməliyyat, müalicə aparmasına icazə vermək yolverilməzdir.
- Qanunvericilik bu kimi problemlərin aradan qaldırılmasına imkan verirmi?
- Milli Məclisin Səhiyyə Komitəsi 4 ildir, fəaliyyət göstərir. Ölkə başçısının göstərişi ilə yaradılmış komitə ölkəmizdə səhiyyənin inkişafına, problemlərin həllinə, qanunvericilik sahəsindəki boşluqların aradan qaldırılmasına xidmət edir. Yaranan gündən insanlarımızı, cəmiyyəti narahat edən bu və ya digər məsələləri gündəliyə çıxarırıq. İndiyə qədər çox əhəmiyyətli qanunlar qəbul etmişik. Məsələn, “Psixoloji yardım haqqında" qanunun qəbulu əhəmiyyətli oldu. Bakıda hara getsən, görürdün ki, hərə bir otaq açıb, psixoloq adı ilə fəaliyyət göstərir. Araşdırdıqda “müalicə edirəm” deyən şəxslərin psixologiya sahəsindən xəbəri olmadığı görünürdü. Orta ixtisas təhsili belə olmayan, şarlatan, ekstasens adamlar insanların başını aldadırdılar. Artıq qəbul olunmuş psixoloji yardım haqqında qanun belə çatışmazlıqların qarşını tamamilə alacaq.
Digər bir məsələ vərəmlə bağlıdır. Belə təəssürat yaranmışdı ki, vərəm artıq müalicə olunan patologiyadır. Bu, qətiyyən elə deyil. Son illərdə dünyada vərəmə tutulmuş xəstələrin ölüm faizi artmağa başlayıb. Xüsusilə, bütün preparatlara, müalicələrə davamlı vərəm formaları var ki, onları müalicə etmək çox çətindir, demək olar, mümkün deyil. Ona görə, vərəm problemini dəfələrlə mütəxəssislərlə birgə komitənin iclasında müzakirə etdik. Vərəm həm də sosial problem olduğundan daim diqqətdədir.
Yaz sessiyasında Səhiyyə Komitəsinin hazırladığı iki qanun layihəsi müzakirəyə çıxarılacaq: “Orqan və toxuma transplantasiyası haqqında” və “Reproduktiv sağlamlıq haqqında” Qanun layihələri gündəliyə salınıb. Orqan transplantasiyası ilə bağlı sənədi indiyə qədər bir neçə dəfə müzakirə etmişik. Hələ də üzərində işləyirik. Görünür, qanun formasına düşənə qədər bir neçə dəfə də müzakirə ediləcək. Bu kimi məsələlərdə tələskənlik mənfi nəticələnə bilər.
- Hər iki qanun layihəsi ilə bağlı dini amil də ortaya çıxmışdı...
- Hər ikisi ilə bağlı deyildi. Reproduktiv sağlamlıqla bağlı dini məsələlər önə çıxarılırdı. Biz bunları həll etdik. Elə məqamlar var idi ki, Milli Məclisin böyük əksəriyyəti əleyhinə çıxırdı. Qaydasına salındı. Qanun müzakirə ediləndə aydın olacaq.
- Əhliman müəllim, son vaxtlar səhiyyə sahəsində struktur dəyişikliklərinə münasibətiniz necədir?
- Ölkəmizdə neçə illərdir, icbari tibbi sığortaya keçidlə bağlı müzakirələr aparılır. Hələ ilk dövrlərdə buna münasibət birmənalı deyildi. Hazırda dəstəkləyənlərin sayı çox olsa da, sığortanın heç nə verməyəcəyini, tətbiqinin çətin olacağını düşünənlər var. Amma mən bir mütəxəssis kimi deyə bilərəm ki, hansı ölkələrdə əhaliyə tibbi yardımın səviyyəsi yüksəkdir, insanlar tibbi xidmətdən razıdır – bütün bunlara yalnız tibbi sığortanın həyata keçirilməsi ilə nail olunub. Türkiyə, Gürcüstan kimi qonşu ölkələrdə, MDB məkanında tibbi sığortaya artıq keçilib. Şübhəsiz ki, bu sahədə çətinliklər olacaq. Amma ölkə başçısının iradəsi göz qabağındadır.
Tibbi Sığorta Agentliyi xeyli vaxt bundan əvvəl yaradılmışdı. Lakin tam effektiv fəaliyyət göstərə bilmirdi. Ona yeni, cavan, perspektivli və bu işi bilən insan təyin olundu. Pilot rayonları seçdilər və həyata keçirməyə başladılar. Yevlax və Mingəçevirdə icbari tibbi sığorta tətbiq edildi. Rəhbərlik etdiyim komitə adıçəkilən rayonlarda səyyar iclaslar keçirdi. Bir-bir həmin rayonları gəzdik, komitə üzvləri və şəxsən mən bir neçə dəfə proseslə yaxından maraqlandım. Nəticə göstərdi ki, icbari tibbi sığorta Azərbaycanda mütləq həyata keçirilməlidir. Bütün göstəricilər mütəmadi mətbuata açıqlanır. Pilot rayonlarda əməliyyatların sayı, xəstələrin xəstəxanalara müraciətləri, alınan nəticələrin müqayisəsi və s. göstərdi ki, icbari tibbi sığortanın tətbiqi hökmən lazımdır.
Açığını deyim, insanların bir çoxu özəl klinikalarda bu və ya digər şəkildə müalicə, əməliyyatlar aparılmasını üstünü tuturlar. Ancaq əhalinin müəyyən qisminin buna maddi imkanı yoxdur. İcbari tibbi sığortanı həyata keçirməklə əhaliyə tibbi yardımın səviyyəsini kifayət qədər yüksəldə biləcəyik.
Azərbaycanda “Tibbi sığorta haqqında” Qanun 1999-cu ildə qəbul olunub. Bu qanun çox köhnə olduğuna görə, bu gün icbari tibbi sığortanı həmin qanun əsasında həyata keçirmək mümkün deyildi. Demək olar, bu qanun tamamilə yeniləndi, 100-dən artıq dəyişiklik edildi. Məntiq tələb edirdi ki, icbari tibbi sığorta haqqında yeni qanun olsun. Amma vaxtımız az olduğundan bunu hazırlamaq, 3 oxumuşda həyata keçirmək vaxt tələb edirdi. İcbari tibbi sığortanın tətbiqini sürətləndirmək üçün o qanuna dəyişiklikləri etdik, icbari tibbi sığortanın hüquqi bazasını yaratdıq. Çünki yaxşı hüquqi bazası olmasa bunu həyata keçirmək mümkün olmazdı. İcbari Tibbi Sığorta Agentliyi ilə çox sıx işləyirik. Güman ki, iş prosesində qanuna müəyyən dəyişikliklər etməyə yenə ehtiyac olacaq. Biz həmişə hazırıq. Əminəm ki, yeni qanunvericilik bazasının yaradılması icbari tibbi sığortanın tətbiqini sürətləndirəcək.
Yeni yaradılan TƏBİB adlı qurum İcbari Tibbi Sığorta Agentliyinin tərkibində bilavasitə icbari tibbi sığortanı həyata keçirən təşkilatdır. Bu il, ölkə başçısının sərəncamında da qeyd olunduğu kimi, ölkə üzrə bütövlükdə icbari tibbi sığortaya keçmək üçün bütün lazımi tədbirlər görüləcək. Artıq hazırlıq işləri başlayıb. İndi xəstəxanaların, poliklinikaların xüsusi proqramı hazırlanır. Elekton tibb proqramının hazırlanması asan məsələ deyil. Bütün xəstəxanalar, poliklinikalar bir mərkəzdə cəmləşməlidir.
İcbari tibbi sığorta təkcə xəstələrə yardım deyil. Bu sistem elə qurulacaq ki, poliklinikalar xəstəni xəstəxanaya göndərdikdə, xəstəxanada müayinələr aparıldıqda beyin mərkəzinə məlumat daxil olacaq. Əməliyyatların aparılması, hətta dərman preparatının təyin olunması belə beyin mərkəzi tərəfindən nəzarətdə saxlanacaq. Bütün bunlar vahid mərkəzdə araşdırıldıqda həmin xəstəyə hansı müalicənin təyin olunması, ehtiyac olub-olmaması dəqiqləşəcək. Bu həm də müalicənin keyfiyyətinə nəzarəti təmin edir. İcbari Tibbi Sığortanın tətbiqi nəticəsində həkimlərin əməkhaqqı da hökmən artacaq.
İcbari Tibbi sığorta sayəsində qocalar, uşaqlar, şəhid ailələri büdcə hesabına maliyyələşəcək. Digər işləyən vətəndaşların ödəmələrinin yarısı iş verən, yarısı işləyən şəxslərin özünün hesabına baş tutacaq. Heç işləməyən şəxslər ayda kiçik bir məbləğ ödəməklə kompleks icbari tibbi sığortadan istifadə edəcəklər. Bu çox sosial yönümlü proqramdır və həyata keçirilməsi ölkəmizdə əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini çox yüksəldəcək.
- Regionlarda mütəxəssis azlığının olması və ağırlaşan xəstəni mərkəzə - Bakıya göndərmək ənənəsi insanları hələ də narahat edir. Görülən tədbirlər rehgionlarda durumu yaxşılaşdıracaqmı?
- Elə patologiyalar var ki, onu regionlarda müalicə etmək mümkündür. Amma elə xəstəliklər, ağırlaşmalar ola bilər, mütləq şəhərlərə göndərilməlidir. Tətbiq olunduğu təqdirdə bu cür göndərməni də tibbi sığorta həyata keçirəcək. Dövlət xəstəxanalarında müalicə olunan xəstələr tibbi sığorta ilə təmin olunur. Amma ola bilər, ölkədə elə özəl xəstəxana olsun ki, mövcud patologiyanın ancaq özəl xəstəxanada müalicəsi mümkün olsun. Bu halda xəstə özəl xəstəxanaya göndəriləcək, müalicə xərclərini isə tibbi sığorta qarşılayacaq. Pilot regionların təcrübəsi göstərdi ki, külli miqdarda insana açıq ürək əməliyyatı keçirilib. Bəzi xəstələri Bakıya göndərdilər, bir manat belə ödəməmək şərti ilə müalicə olundu. İcbari tibbi sığortanın tətbiqində çətinliklərdən keçmək lazımdır.